"D-8 ölkələri birgə əməkdaşlıqla yeni inkişaf modeli yaratmağı hədəfləyir" - Bəhruz Quliyev

15:47 24.11.2025
Yazını böyüt
Yazını kiçilt

Tarixən Şərqlə Qərbi birləşdirən, islam dünyasının mədəni və sivilizasiya mərkəzlərindən olan Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlüyünun əhəmiyyəti bir ildir ki, xüsusi vurğu ilə qeyd olunur. Bu, islam həmrəyliyinin, dəyərlərinin möhkəmlənməsində, təbliğində, eləcə də islamofobiya ilə mübarizə sahəsində dünyaya verilən böyük töhfə kimi də dəyərləndirlir. D-8 təşkilatının mahiyyəti və əhəmiyyəti nədir?

Bu istiqamətdə Hafta.az-a siyasi ekspert Bəhruz Quliyev danışıb.

– D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı necə bir qurumdur və onun miqyası, böyüklüyü, potensialı nədən ibarətdir?

– Əvvəlcə qeyd edim ki, D-8, yaxud “İnkişaf etməkdə olan Səkkizlər” təşkilatı dünyanın sürətlə inkişaf edən müsəlman ölkələrini bir araya gətirən strateji iqtisadi platformadır. Türkiyə, Pakistan, İran, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya kimi böyük nüfuz sahibi olan dövlətlər bu təşkilatın üzvüdür. Bu ölkələr həm coğrafi baxımdan geniş ərazini əhatə edir, həm də dünya əhalisinin böyük hissəsini təmsil edir. Təşkilatın birgə iqtisadi potensialı 1 trilyonlarla ölçülən ticarət həcmi, geniş sənaye infrastrukturu və sürətlə artan istehsal imkanları var. Ən vacibi isə D-8 ölkələri birgə əməkdaşlıqla yeni inkişaf modeli yaratmağı hədəfləyirlər. Bu baxımdan təşkilat həm iqtisadi, həm də siyasi baxımdan böyük geosiyasi güc mərkəzi hesab olunur.

Səkkiz müsəlman ölkəni birləşdirən Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir. Birliyin bayrağındakı altı ulduz onun əsas prinsiplərini simvollaşdırır: - müharibə deyil, sülh; münaqişə deyil, dialoq; ikili standartlar deyil, ədalət; üstünlük deyil, bərabərlik; müstəmləkə deyil, ədalətli düzən; zülm və hökmranlıq deyil, insan haqları, azadlıq və demokratiya.
“İslam Səkkizliyi” adlanan D-8-in üzvlərinin əhalisinin sayı ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edir və böyük iqtisadi potensiala malikdir. D-8 indiyədək 11 zirvə toplantısı keçirib. Təşkilat qurulanda üzv ölkələrin adambaşına düşən gəliri 872 dollar idisə hazırda 1500 dollar civarındadır, ixracat 239 milyard dollardan 600 milyard dollara yaxınlaşıb, idxalat 235 milyard dollardan təxminən 500 milyard dollara yüksəlib.

D-8 regional deyil, qlobal mahiyyətli təşkilatdır. O, qrupun məqsədlərini, prinsiplərini qəbul edən və ümumi əlaqələri paylaşan inkişaf etməkdə olan başqa ölkələr üçün də açıqdır. Təşkilat regional və beynəlxalq təşkilatlara üzvlükdən irəli gələn ikitərəfli və çoxtərəfli öhdəliklərinə heç bir mənfi təsir göstərməyən bir forumdur.

Ölkəmiz ilk dəfə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə təmsil olunub.

Qahirə şəhərində keçirilən XI Sammitdə ölkəmizi Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir.

– D-8 ölkələrinin media və informasiya sahəsində potensialını necə qiymətləndirmək olar?

– D-8 ölkələrinin əslində çox böyük, amma hələ tam reallaşdırılmamış media potensialı var. Bu ölkələr böyük auditoriya, çoxdilli informasiya mühiti və dinamik media bazarı ilə seçilir. Bura həm ənənəvi media strukturları, həm də çox sürətlə böyüyən rəqəmsal media ekosistemi daxildir. Bu dövlətlərdə sosial media istifadəçilərinin sayı yüz milyonlarla ölçülür, regional informasiya şəbəkələrinin genişlənməsi isə yeni əməkdaşlıq imkanları açır.

Eyni zamanda, bu ölkələri birləşdirən ortaq kommunikasiya maraqları da var. Hesab edirəm ki, informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə, qlobal informasiya mühitində ədalətli təmsilçilik kimi məsələlərdə vahid mövqeyə ehtiyac var. D-8 çərçivəsində media əməkdaşlığının gücləndirilməsi həm də bu ölkələrin dünya informasiya məkanında öz sözünü daha güclü deməsi deməkdir.

– Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Media Mərkəzinin yaradılması və beynəlxalq media forumunun keçirilməsini necə şərh edərdiniz?

– Bu təşəbbüs əslində Azərbaycanın regional deyil, artıq qlobal informasiya siyasətində önəmli oyunçuya çevrildiyinin göstəricisidir. Prezident İlham Əliyevin media sahəsinə yanaşması, mövqeyi əslində strateji xarakter daşıyır və Bakıdakı Media Mərkəzinin yaradılması bunun ən bariz nümunəsidir. Bu mərkəz informasiya mübadiləsi, media bacarıqlarının inkişafı, beynəlxalq əməkdaşlıq və kommunikasiya siyasətinin gücləndirilməsi üçün yeni bir platformadır. Onun Bakıda yerləşməsi isə Azərbaycanın artan nüfuzundan xəbər verir. Bakı artıq regionun enerji, iqtisadi və təhlükəsizlik mərkəzi olduğu kimi, informasiya diplomatiyasında da əsas paytaxta çevrilməkdədir.

Beynəlxalq Media Forumunun keçirilməsi isə Azərbaycanın qapılarını bütün dünyaya açması, media dialoqu və əməkdaşlığı üçün etibarlı meydan yaratması mənasına gəlir. Bu tədbir ölkəmizin informasiya müharibələri dövründə öz sözünü daha güclü deməsinə, həqiqətlərin dünyaya çatdırılmasına xidmət edir.

Bu təşəbbüs Azərbaycanın media gücünün sistemli şəkildə qurulması və regional liderlikdən qlobal liderliyə doğru addım atması kimi qiymətləndirilə bilər. Düşünürəm ki, bu platforma dünya üçün yeni çağırış, yeni mesajdır.

Tahirə Qafarlı